AZƏRBAYCANIN ƏN NADİR YIRTICI MƏMƏLİLƏRİ

Mənim quşlardan sonra ən çox sevdiyim qruplar yırtıcı məməlilər və ilanlardır. Bu bloqda dəfələrlə hər ikisi haqqında yazmışam, ölkəmizdə qeydə alınmış yırtıcı məməlilərin və ilanların siyahısına burdan baxa bilərsiniz sondakı videolardan baxa bilərsiniz.

Ədəbiyyatlara görə ölkəmizdə yırtıcı məməlilərin 6 fəsilədən (itlər, pişiklər, ayılar, kaftarlar, suitilər və yenotlar) 19 növünə rast gəlmək olar. Onlardan ən nadirləri manul zolaqlı kaftardır. Ölkəmizdə nadir yırtıcı məməlilər dedikdə çoxunun ağlına Qafqaz bəbiri (lat. Panthera pardus tulliana) gəlsə də onlar hardasa 15 fərd civarında stabil populyasiyaya sahibdirlər. Ölkəmizdə Naxçıvanda Zəngəzur Mİlli Parkı və Hirkan meşələrindəki Hirkan Milli Parkında müşahidə olunurlar. Çox az sayda fərdin isə Böyük Qafqazdan ölkəmizə girmə ehtimalı var. Cənubdakı bəbirlərimiz (xüsusən gənc erkəklər) uzaq məsafələr qət edirlər, bizlə qonşu ölkələr arasında gedib-gəlirlər. 1946-cı ilin sərt qışında Talış meşələrindən gələn bir bəbir Abşeron Yarımadasında (Maştağı) ovlanmışdı. İndi isə keçək ən nadirlərə:

  1. Manul pişiyi (lat. Otocolobus manul) – Ölkəmizdə qeydə alınmış 5 kiçik pişik növündən biridir. Ölçüsü ev pişiyi boyda olsa da görünüşcə ondan fərqlənir. Belə ki, qolları daha qısa olub, xəzi uzun tüklüdür. Qulaqları kiçik olub, başının yan hissəsindədir. Cinsin elmi adı olan “Otocolobus” elə yunanca “çirkin qulaqlı” deməkdir. Kürkü əsasən bozumtul rəngdə olsa da bəzən ayrıca yarımnöv kimi qeyd edilən kürən manul və ya Xəzər manulu (lat. O.m. ferrugina, Oqnev 1928) qırmızımtıl kürkünə görə seçilir. Belə bir fərd 2008-ci ildə İranın şimalında, ölkəmizin sərhədindən çox uzaq olmayan bir yerdə (Azərşəhr, Urmiya gölünün yaxınlığı) qeydə alınmışdı.
İranda qeydə alınmış kürən manul © İran ETSN.

Manulun qidasını əsasən kiçik gəmiricilər, müxtəlif quşlar və digər kiçik canlılar təşkil edir. Ölkəmizdə əvvəllər Naxçıva MR ərazisəndə və Qarabağda rast gəlinməsi ilə bağlı məlumat var. Hazırda isə ehtimal ki, nəsli ölkəmizdə tükənib. Ölkəmizdə sonuncu qeydiyyatı 1996-cı ildə Cəbrayıl rayonun Daşkəsən kəndində (işğal dönəmində) bir ovçunun evində kürkü tapılan fərd olmuşdur. Ötən əsrdə iki dəfə Ermənistanın Naxçıvan sərhədinə yaxın bölgələrində (Vedi kəndi , 1928 və Arazdəyən, 1938) də müşahidə olunub. Hətta onlardan birinin qarnında rüşeymləri də olub. Əlavə olaraq 2020-ci ildə Ermənistanın Şimal-Şərqində, Vazaşen kəndində (Azərbaycanın Tovuz və Qazax rayonunlarına yaxın) bir fərdin videosu yerli ovçu tərəfindən çəkildiyindən Qafqazda çox az sayda fərdinin qaldığına ümid etmək olar. Nadir olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabının bütün nəşrlərinə (1989, 2013, 2023) əlavə edilmişdir.

2. Zolaqlı kaftar (lat. Hyaena hyaena) – Digər kaftarlar kimi əsasən cəsədlərlə qidalandığından əslində ekosistem üçün olduqca faydalı canlılardır. Görünüşcə itkimilərə bənzəsə də ayrı fəsilədəndir. Boz kürkü üzərində adını aldığı tünd zolaqlara görə asanlıqla seçilir. Ön ayaqları daha uzundur və çiyninin hündürlüyü 80 sm-ə çatır. Tarix boyunca qəbrləri eşib sümükləri oğurladığına inanıldığı üçün ölkəmizdə həm də goreşən deyirmişlər.

Zolaqlı kaftar özünü təhlükədə hiss etdikdə boynundakı və belindəki yalı qaldıraraq daha iri görünməyə çalışır.

Ötən əsrin 30-40-ci illərində ölkəmiz də daxil olmaqla ümumi Qafqazda kaftar nadir heyvan hesab olunurdu. Bunun başlıca səbəbi “uşaqları yatarkən oğurladığı” mifinə görə təqib edilib ovlanması idi. Əlavə olaraq qida bazasında olan vəhşi cütdırnaqlıların (xüsusən ceyran) sayında azalma da kaftara mənfi təsir göstərmişdi. Zooloq Vereşaqin 40-50-ci illərdə ölkəmizdə cəmi 5-6 kaftarın qaldığını qeyd edir. 1950-61-ci illər arasında 2-si Talışda, 1-i Gədəbəydə, 1-i Bozdağda, 3-ü isə naməlum yerdə ovlanmış olan 7 kaftar kürkü qeydə alınmışdır.

Bu yaxınlarda İsraildə zolaqlı kaftarların Afrikadakı qohumları (xallı kaftarlar) kimi “köməkçi anaları” olduğu qeydə alındı. Yəni, ailə halında yaşayan zolaqlı kaftarlar (xüsusən əvvəlki ilin balaları) sürüdəki dominant dişinin balalarına da qulluq edirlər (bu davranış “alloparenting” adlanır). Vaxtilə ölkəmizin demək olar bütün arid çöllərində rast gəlinən zolaqlı kaftarlar artıq nadir tapıntıya çevrilib. Tarixi arealı Kür-Araz ovalığını, Böyük və Kiçik Qafqazın alçaqdağlı silsilələrini, Zuvand yaylasını, Naxçıvan MR və Qobustanı əhatə edirmiş. Yerli əhalinin müxtəlif bölgələrdən olan iddiaları, bəzi qalıqlarının tapılması ölkəmizdə kaftarların hələ də sağ qaldığına ümid versə də uzun illər aparılan araşdırmalarda hələ də dəqiq qeydiyyatı (fotosu) yoxdur! Azsaylı olduğundan əlavə edildiyi Azərbaycanın Qırmızı Kitabında (3-cü nəşr, 2023) əsrimizdə cəmi 3 dəfə izinə rast gəlindiyi qeyd olunur. Lakin, qonşu Türkiyədə və İranda saylarının nisbətən çox olması bəzi fərdlərin Qafqazda və ölkəmizdə qeydə alınacağına ümid verir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

2 Comments

  1. Salam.ilk öncə deyimki yazdığınız məqalələri çox bəyəndim.Mən özüm riyaziyyat 3 cü kurs tələbəsiyəm.Bununla birlikde heyvanlara bitkilərə çox marağım var. Çox istəyirəm Azərbaycanın florası və faunası haqqında yazılan ətraflı kitabım olsun.Mənə tövsiyə edəcəyiniz kitab varmı və belə kitabları necə ala bilərəm.Hal hazırda belə kitabların satılmaması həqiqətən çox pisdi
    Indidən təşəkkürlər

    Bəyən

Bir şərh yazın