Genetik Modifikasiya Olunmuş məhsullar – GMO

Qida sektorunda ən çox debat edilən mövzulardan biri də GMO qidalardır. Bloqda əvvəl bənzər mövzuda (GMO ağcaqanadlar) barədə yazmışam, istəyən baxar. Bu yazıda isə nəyin sizin üçün yaxşı və ya pis olduğunu deyil, bu mövzu ətrafında yayılmış mifləri və bəzi faktları qeyd etmək istəyirəm.

İlk öncə gəlin Genetik Modifikasiya Olunmuş Orqanizm və ya Genetikası Dəyişdirilmiş Orqanizm nədir buna baxaq. GMO adından da görüldüyü kimi genetik materialı dəyişdirilmiş orqanizmlərdir. Bu orqanizmlər əslində yeni birşey deyil, biz bunu min illədir edirik. Bugün gördüyümüz istənilən ev heyvanı və ya əkdiyimiz bitki sortları GMO-dur. Biz uzun illər boyu vəhşi atların, dağ keçilərinin, canavarların genetikasını dəyişdirərək uyğun olaraq əhilləşmiş at, keçi və it əldə etmişik. Eyni qaydada bir bitki növünün (lat. Brassica oleracea) genetikasını dəyişərək ondan bir-birindən fərqlənən sortlar – kələm, brokoli, gül kələmi və s. əldə etmişik. Bütün bunlar (ev heyvanları və bitkiləri) süni seçmə prosesinin məhsuludur.

Vəhşi gül kələmi (lat. Brassica oleracea) bitkisindən süni seçmə ilə əldə olunan müxtəlif tərəvəz sortları

Və ya şəkər xəstələri bilirlərmi ki, onların qəbul etdikləri insulin bəzi bakteriyalara insulin istehsalı üçün olan insan genetik materialının əlavə edilməsi yəni genetik modifikasiya nəticəsində əldə olunur? Lakin, hazırda cəmiyyətdə GMO dedikdə bunlar yox, hansısa “qorxulu, təhlükəli” məhsul fikri ağıla gəlir. Onu da qeyd edim ki, ölkə qanunvericiliyinə əsasən Azərbaycana GMO bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır (Bax: Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanun). Lakin GMO demək zərərli bitki demək deyil. Hazırda dünyada 2 əsas GMO bitki metodikasından istifadə olunur. Gəlin onlara və təsirlərinə ayrıca baxaq:

Birinci metod bitki toxumlarına Bacillus thuringiensis adlı bakteriyadan əldə edilən proteinlərin (Bt delta endotoksin) əlavə edilməsidir. Bu bitkilə bakteriyanın adına uyğun olaraq BT bitkilər adlanır. Beləki, həşəratlar bu bitkiləri yedikdə qeyd olunan protein onların həzm sistemini dağıdaraq həşəratları məhv edir. Bəs insan üçün təhlükəlidir mi? YOX! Aparılan araşdırmalar bu bakteriyanın insana zərər vermədiyi və həzm sistemindən ifraz olunduğunu göstərmişdir. Bunu şokolada bənzədə bilərik, hansı ki, biz insanlar üçün sevimli qidadıdır, amma, itləri öldürə bilir. Eynən bakteriya da bizlər üçün zərərsiz, həşəratlar üçün ölümcüldür. Beləcə əslində zərərverici həşəratlar əleyhinə olan dərmanların (pestisid) istifadəsi azalır.

GMO barədə əsas debat tətbiq olunan ikinci metodla bağlıdır. Bu metodda isə bitkilərin bəzi pestisid maddələrə (xüsusən də Qlifosata) davamlı olmasına nail olunur. Nəticə əkin yerlərində olan alaq otları və həşəratlara qarşı istifadə edilən pestisidlər bitkinin özünə zərər vermir. Buna görə də fermerlər pestisidlərin istifadəsindən qaçınmır, əksinə əkdikləri bitki dərmanlara qarşı dayanıqlı olduğundan daha çox istifadə edirlər. Təxmin edəcəyiniz kimi daha çox pestisidin istifadəsi də insanlarda sağlamlığa zərər verə biləcək hallara gətirib çıxarır (başda fermerlərin özləri olmaqla). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə ən çox istifadə olunan pestisidlərdən biri olan Qlisofatın insanlarda xərçəng yaratma riski olduğunu açıqlamışdır. Əlavə olaraq bu kimyəvi maddələr çox istifadə olunduğundan ətraf mühitə (xüsusən əgər yaxınlqıda su hövzəsi varsa) daha çox zərər verir.

Get ready for the next wave of GMOs | Greenbiz

Lakin, GMO qida sənayesində bir başqa problem isə bu bitkiləri istehsal edən şirkətlərin sayının məhdud olmasıdır. Bu isə GMO qida bazarında monopoliyaların yaranması deməkdir. Bu şirkətlərin modifikasiya olunmuş toxumları daha baha qiymətə satılır və fermerlər yalnız GMO toxumlardan istifadə edəcəklərinə razılaşmalı olurlar. Əslində mübarizə aparmalı olduğumuz məsələ budur. Yoxsa GMO bitkilər (ən azı birinci metodla əldə olunanlar) artan insan təlabatını ödəmək, məhsuldarlığı artıraraq iqlim dəyişikliyinə qarşı mübarizədə faydalı ola bilərlər. Dünya təcrübəsində bu cür örnəklər var. Hətta GMO orqanizmlər bir meyvənin “həyatını” da xilas edib. Havay adalarının məhşur meyvəsi olan papaya ötən əsrin 40-cı illərindən başlayaraq bi virusa yoluxur. Əsrin sonlarına doğru virus demək olar bütün adalara yayılır. Nəticədə 2006-cı ildə papaya istehsalı əsrin sonları ilə müqayisədə yarıya düşür. Lakin, bitkini xilas etmək yalnız onu genetik modifikasiya etməklə (virusa qarşı dayanaqlı olması üçün) mümkün olur. Nəticədə “göyqurşağı papayası” adlanan GMO papaya ortaya çıxır (bugwn istehsal olunan papayaların 90%-i bu GMO sortdur). Bəzi digər GMO bitkilər isə öz faydalalığı ilə seçilir. Məsələn, qızıl düyü adlanan genetik modifikasiya olunmuş sortda A vitaminin miqdarı adi düyüdən artıq olub, vitamin çatışmazlığı və görmə qabiliyyəti zəif olan şəxslər üçün tövsiyyə olunur.

Golden rice - Wikipedia
A vitamini ilə zəngin qızıl düyü (GMO bitki) və adi düyü

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

Bir şərh yazın