TURAN PƏLƏNGİ – İtirdiyimiz nəhəng pişik

Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran pələngi adlanır) nəsli tükənmiş iri pişikkimi olmuşdur. Əvvəllər o, ayrıca yarımnöv kimi (lat. Panthera tigris virgata, 1815) təsvir olunsa da aparılan genetik araşdırmalar onu göstərdi ki, Turan pələngi ayrıca yarımnöv deyil, Sibir/Amur pələnginin qərbdəki populyasiyasıdır və 200 il öncəsinə kimi onlar vahid arealı bölüşmüşdür. Artıq Beynəlxalq Təbiəti MühafizəTəşkilatının (IUCN) təsnifatına görə Avrasiyadakı kontinental pələnglər bir yarımnöv (lat. P.t.tigris) hesab olunur.

Bu məqalə aşağıdakı altbaşlıqlardan ibarətdir:

  1. QAFQAZDA PƏLƏNGLƏR VƏ ONLARIN NƏSLİNİN TÜKƏNMƏSİ BARƏDƏ
  2. XƏZƏR PƏLƏNGLƏRİNİN XÜSUSİYYƏTLƏRİ, TƏSNİFATI VƏ YAYILMASI
  3. ZOOPARKLAR VƏ DİGƏR KOOLEKSİYALARDA SAXLANILAN TURAN PƏLƏNGLƏRİ
  4. TURAN PƏLƏNGLƏRİ İNCƏSƏNƏTDƏ
  1. QAFQAZDA PƏLƏNGLƏR VƏ ONLARIN NƏSLİNİN TÜKƏNMƏSİ BARƏDƏ:

Turan pələnginin nəslinin tükənməsinin müxtəlif səbəbləri olmuşdur. Bunlardan başlıcası zərərverici hesab edilərək qədim zamanlardan ovlanmasıdır. Ölkəmizdə də pələnglərin ovlanması ilə bağlı maraqlı qeydlər var. Məsələn, “Qafqaz” qəzetinin 1846-cı ildəki nüsxələrindən birində (№ 13) Talış meşələrində müxtəlif pələng ovlarından danışılır. Qeyd olunur ki, bu pələngləri digərlərindən fərqli olaraq ailə halında (erkək və dişi) görmək olarmış. Qəzetdə maraqlı bir hekayə də bölüşülür:

“Göytəpədə bir kişi gecə itlərin hürüməsi ilə həyətə çıxır ki, nə baş verdiyinə baxsın. Bu bəxtsiz kişi tövlədə pələnglə qarşılaşaraq donub qalır. Bəxtən onun xanımı həyətə çıxır və təhlükədə olan ərini görür. Həmin arvad əlində balta ilə cumaraq pələngin başına zərbə endirir və pələng ona hücum edir. Lakin, balta zərbəsi ilə ağır yaralanmış pələng qısa zamanda ölür. Səs-küyə gələn qonşular arvaddan pələngə hücum edərkən necə qorxmadığını soruşular. Həmin qadınsa qaranlıqdan heyvanın pələng olduğunu bilmədiyini, sadəcə öküz və ya başqa heyvan olduğunu zənn etdiyini qeyd edir”. Maraqlıdır ki, Aleksandr Düma da öz “Qafqaz səfəri” (1859) əsərində Talış meşəsində “balta ilə pələng ovlayan qadından” yazır. O, hadisənin Lerik rayonun Cəngəmiran (əsərdə Cemçamiran) kəndində bir hamamda baş verdiyini yazıb. Düma onu da qeyd edir ki, Qafqaz canişini olan Knyaz Voronstov pələngi balta ilə öldürən bu qadını Tiflisə dəvət edərək ona pul mükafatı və medal verir.

Qafqaz qəzetində (1846) Talış pələnglərinin digər heyvanlarla münasibətinə də toxunulur. Bir dəfəsində yerlilər uçurum üzərindən aşağı diqqətlə baxan ayı görürlər. Aşağı baxdıqda ayının yatmış bir pələngi müşahidə etdiyi qeyd olunur. Daha sonra ayı iri bir kötük parçası götürərək onu aşağı, pələngə tərəf atır. Bu zaman ayının özü də dığırlanıb aşağı düşür. Yuxusundan oyanan pələng qəzəblənərək ayıya hücum edir və ayı özünə gəlməmiş onu parçalayır! 1845-ci ilin payızında kəndçilər ölmüş qabanla pələngi bir yerdə tapırlar. Görünür pələng qabanı ovlamağa çalışmış, lakin mübarizə nəticəsində bir-birlərini öldürübmüşlər. Pələngin nadirən camışlara hücum etdiyi deyilir, çünki pələngin caynağına keçmiş camışın səsini eşidən digər camışlar onun xilasına gələrək pələngi qovurlar.

Mərkəzi Asiyada (Tacikistan) Sovet əsgərlərinin ovladığı Turan pələngi (El-Registanın “Yulbars” əsərindən, 1940)

Qəzetdə o vaxt, Göytəpə yaxınlığındakı rus hərbi hissəsindən (33 nömrəli kazak qərargahı) olan bir polkovnikin (adı G.K kimi qısaldılıb) 1844-cü ildə təşkil etdiyi pələng ovundan da danışılır. Beləki, pələng günorta vaxtı kəndlilərdən birinin 3 yaşlı camışını ovladıqdan sonra polkovnik onu ovlamaq qərarına gəlir. Bunun üçün ətraf ərazilərdən 200-ə yaxın adam toplanır. Onlardan bir qrupu meşədə ağaclara dırmaşaraq pusquda gözləyir, digərləri (qovucular) isə pələngi qovaraq pusquya tərəf yönləndirməli idi. Lakin, pələng ağacdaki insanları görərək meşəyə çatmamış yerə yatır. Bunu görən qovucular ona atəş açmağa başlayırlar. Qeyd olunur ki, pələng ona dəyən bəzi güllərin yaratdığı zəif yaralardan axan qanını yalamağa başlayır. Lakin, ağacdakılardan biri “ölümcül” atəşi açır, ağrıdan pələng elə nərildəyir ki, ~ 500 metr (yarım vest) uzaqlıqdakı atlar belə səsdən qorxaraq sahiblərinin əlindən qaçırlar. Pələng qəzəbdən ağacdakı həmin ovçuya tərəf cumur və bəxtsizlikdən ovçunun ayağı sürəşərək aşağı düşür. Bu zaman pələng onu parçalamağa başlayır. Digər ovçular onun xilas etmək üçün hücum edirlər və nəticədə pələng öldürülür.

Lakin, bu pələnglərin ən böyük düşməni Sovet dönəmində əvvəllər istifadə edilməyən nəhəng ərazilərin əkin sahələrinə çevrilməsi və malariya xəstəliyinin aradan qaldırılmasıdır (1930-cu illər). Əvvəllər ağcaqanadlara görə insanların uzaq durduğu sıx qamışlıqlar Turan pələnginin ən sevdiyi ərazilər idi. Malariyanın aradan qaldırılması üçün qamışlıqları yandıran, qurudan insanlar bu əraziləri özünə məskən etmiş və nəticədə sayı onsuz da azalmaqda olan Turan pələnglərini sıxışdırmışdır. Günümüzdə onların tarixi arealının cəmi 10%-i toxunulmaz olaraq qalır.

Öldürülmüş dişidən çıxaralaraq təsvir olunmuş Turan pələngi rüşeymi! (“Fauna Caspio-Caucasia” əsəri, 1841-ci il)

Fransız zooloq Edvard Menetrie 1832-ci ildə yazdığı əsərində qeyd edir ki, o, Lənkərandan 15 verst (~7.5 km) uzaqlıqda bir dişi pələng dərisi almışdı və yerli ovçular hər il ən azı 1 pələng ovlayırlar. Bu dişi pələngin uzunluğu 157.5 sm, hündürlüyü isə 78 sm olmuşdur.

Alman zooloq Qustav Raddenin ölkəmizə ilk səfəri zamanı (1866-cı il) o, Lənkəranda 7 həftə qaldığını və bu müddət ərzində ona ikisi təzə olmaqla 6 ədəd Turan pələngi dərisi təklif olunduğunu qeyd edir. Həmin iki kürk (1 erkək, 1 dişi) Tiflis Muzeyində müqəvva kimi (eksponat 36a və 36b) saxlanılmış və daha sonra Satunin onların ölçülərini 173 sm bədən + 110 sm quyruq = 283 sm və 161 sm + 93 sm = 254 sm olaraq qeyd etmişdir. Lakin, Radde-nin ikinci səfəri zamanı (1879-80-ci illər) daha çox qiymət təklif etməsinə baxmayaraq 8 ay müddətində Lənkəranda yerlilər ona satmaq üçün bir dənə də olsun Xəzər pələngi kürkü tapa bilmirlər! Yalnız bir dəfə (1894-cü ilin Dekabrında) bu bölgədə pələngin görüldüyü qeyd olunur. Radde bunun səbəbini qabanların ovlanaraq sayının azaldılmasında görür.

Raddenin Lənkərandan aldığı və Tiflis Muzeyində sərgilənən Turan pələngi müqəvvası (N 36a), 1899-cu il

Lakin, Satuninə görə əsrin sonlarına doğru qabanların sayının artması ilə ərazidəki pələnglərin də sayı artmışdı. Hətta onlar Göytəpə ətrafında çoxalırmışlar da (Satunin dişi və balalarını birgə görmüşdü). Yerli müsəlmanlar və molokan ruslar qabanları ovlamadığından sayları artmış və pələngləri Göytəpə ətrafında və Muğan düzənliklərində, hətta Salyanda görmək olurmuş.

1896-cı ildə Lənkəran və ətraf ərazilərə səfər edən Dinnik də yazır ki, pələnglərə daha çox qışda rast gəlinirdi. Yayda ev heyvanlarına hücum etməsələr belə, qışda atların, camışların, inəklərin pələng tərəfindən ovlanması adi hal idi. O, bölgədə ovlanmış 2 pələngin kürkünə baxma şansı əldə edir. Bunlardan birincisi rus sərhədçilərin komandiri olan leytnant Lupovskinin Göytəpə yaxınlığında ovladığı erkək pələngin dərisiniə baxaraq qeyd edir ki, heyvan yay kürkünə sahib olub rəngləri parlaqdır. Bədəni boyunca tünd, qalınlığı 2,5 sm-ə çatan zolaqlar uzanır. Dinnik kürkün yay kürkü olmağına baxmayaraq qılların tropikdə yaşayan Benqal pələnglərindən uzun olduğunu qeyd edir. Xüsusən də “baklarında” və boynunda uzun qıllar gözə çarpır. Bu erkəyin ölçüsünü 277 sm (187 sm bədən + 90 sm quyruq) olaraq qeyd edir. İkinci pələng isə Lənkəran yaxınlığında ovlanmışdı. Dinnikə görə quyruqsuz 178 sm uzunluğa malik bu pələngin fərqləndirici xüsusiyyəti isə üzərindəki zolaqların tünd qəhvəyi rəngdə olub, yalnız yanaqlarında qara zolaqlar olması idi.

19-cu əsrin ortalarında təkcə Lənkəran və ətraf rayonlarda hər il 10-20 Xəzər pələnginə rast gəlinirdisə, bir əsr sonra, 1920-1950-ci illər arasında bütün Cənubi Qafqazda cəmi 2 pələng qeydə alınmışdı. 20-ci əsrdə isə onların sayı azalmağa davam etdi. 1942-ci ildən olan başqa bir ədəbiyyata görə [11] təkcə Sovet İttifaqında hər il 20-ə yaxın Turan pələngi kürkü satılırdı

Gördüyünüz kimi Cənubi Qafqazda pələnglərə əsasən cənubda – Talış bölgəsində, xüsusən də Göytəpə ətrafına rast gəlinib. Lakin, bəzi fərdlər çay yataqlarını və ovları olan qabanları izləyərək başqa bölgələrə də çatıblar. Məsələn, 1922ci ilin Dekabrında Tiflis yaxınlığındakı Lelobi kəndində bir pələng vurulur. O, Qafqazda qeydə alınmış sonuncu pələnglərdən hesab olunur və müqəvvası hazırda Tiflis Muzeyində saxlanılır. Ehtimal ki, bu pələng Kür çayını izləyərək Tiflis yaxınlığına getmişdi.

1922-ci ildə Tiflis yaxınlığında öldürülmüş pələng
Tiflis yaxınlığında vurulmuş pələngin müqəvvası – Tiflis Muzeyi

Bənzər “səyyah” pələnglər ölkəmizdə də qeydə alınıb. 1846-cı ilin fevralına Qarabağda Vəng (Vank) kəndinin yaxınlığında pələngin günorta inəyi ovladığı qeyd olunur. Qonşu kənddəkilərlə birgə pələngi uzaqlaşdırmağa çalışan kəndlilərin heç birində tüfəng olmadığından ona daşlarla və ağaclarla hücum edirlər. Nəticədə bir neçə nəfər yaralanır və kəndçilərdən biri ölür. Bu pələngin Araz çayını izləyərək Qarabağa gəldiyi düşünülür [11].

Ölkəmizdə son Turan pələngləri ehtimal ki, ötən əsrin ortalarına qədər yaşamışdır. 1932-ci ildə Cəlilabadın Göytəpə (Prişib) qəsəbəsində ovlanan iki Turan pələngi əvvəl saxlanıldıqları Tblisidən gətirilərək Azərbaycan Tibb Universitetinin eksponatına çevriliblər. Bu iki fərdə Qafqazda ovlanmış sonuncu pələnglərdir. Bəzi mənbələr [3] ötən əsrin 50-ci və 60-ci illərdə Lənkəran düzənliyində pələnglərin qeydə alındığını yazsa da bu müşahidələrin doğru deyil və yerli qəzətlərin səhv xəbərlərinə əsaslanır. 1957-ci ildən etibarən Elmlər Akademiyası qəzetlərdə yazılan bu ovlanmış “pələng” xəzlərini almağa başlayır. Məlum olur ki, onlar əslində bəbir olub. Qarışıqlığın başlıca səbəbi də dilimizdə bu pişiklər üçün istifadə etdiyimiz sözlərlə bağlı idi. Belə ki, talış dilində “pələng” sözü əslində bizim bəbir adlandırdığımız canlını (lat. Panthera pardus) ifadə edir. Və “bəbir” sözü isə bu dildə bizim pələng adlandırdığımız, bu məqalədəki canlının adıdır. Yəni, Talış zonasında yerli əhali “pələng” ovladığını dedikdə bəbirləri nəzərdə tuturdu.

Qırmızı son vurulan fərdləri, italik qeydlər isə ümumi Talış zonasını ifadə edir.

Dünyada isə 1970-ci illərdən etibarən nəsli tükənmiş hesab edilməkdədir. Bir mənbəyə görə [12] 1950-ci ildə dünyada cəmi 50-80 fərd Xəzər pələngi qalıbmış və həmin dönəmdə Sovet İttifaqında onların nəsli tükənmişdi. Bəzi iddialara görə Türkiyədə 1980-ci illərdə az sayda fərd sağ qalmış ola bilərdi [1]. Bu dönəmdən sonra da bəzi ölkələrdə (Türkiyə, Əfqanıstan kimi) görüldüyü qeyd edilsə də bu iddialar ya öz təsdiqini tapmamış, ya da doğru olsalar belə populyasiyanı ayaqda saxlayacaq qədər çoxsaylı fərd qalmadığından bu pələngin nəslinin tükənməsi qaçınılmaz idi. Məsələn, Sovet Respublikalarında bilinən sonuncu təsdiq olunmuş qeydiyyat 1972-ci ildə Özbəkistanda öldürülmüş fərddir. Bir digər maraqlı fakt isə 1998-ci ildə Əfqanıstanda tapılmış iri ayaq izidir.

Azərbaycanda vurulmuş 2 fərd (erkək-dişi) hazırda Tibb Universitetində saxlanılır.

2. XƏZƏR PƏLƏNGLƏRİNİN XÜSUSİYYƏTLƏRİ, TƏSNİFATI VƏ YAYILMASI :

London Təbiət Tarix Muzeyindən Xəzər pələngi müqəvvası və onun ayırdedici xüsusiyyətləri

Lakin bu pələnglər arasında müəyyən fərqliliklər mövcuddur. Xəzər pələngi görünüşcə əvvəllər ayrıca təsnif olunan Amur pələnginə bənzəyir. Bu iki populyasiya arasında min illərdir gen axışı olmağına baxmayaraq tarixi ədəbiyyatlar Xəzər pələnginin daha tünd rəngə, nazik və solğun zolaqlara (kürən) və uzun qıllara (xüsusən qışda və boynunun ətrafında) sahib olduğunu vurğulamışlardır. Həmçinin quyruq sonundakı halqaların Amur pələngindən fərqli olaraq halqavari formada tək-tək düzüldüyü qeyd olunur

Turan (solda) və Amur pələnglərinin quyruq naxışlarının üstdən təsviri

Məhşur alman zooloq Paul Maçi “Die Gartenlaube” (Çardaq) jurnalının 1897-ci il nüsxəsi üçün yazdığı məqalədə Berlin Zooparkında rast gəlinən 4 pələng “forması” arasındakı fərqlərdən bəhs edir. O qeyd, edir ki, Turan pələngi zooparkdakı pələnglər arasında ən tünd rəngə (qırmızımtıl çalarları olan sarı-qəhvəyi) və ən çox zolağa malik olandır. Həmçinin, vurğulanır ki, uzun ayaqları və boynundakı uzun qıllara görə onu şirə bənzətmək olar. Hətta zooloq iddia edir ki, pələnglər və şirlər əslində eyni canlının müxtəlif coğrafi variantlarıdır. Əlavə olaraq erkək fərdin qısa “çökək” burnunun gözə batdığını yazan Paul dişidə bu xüsusiyyətin olmadığını qeyd etmişdir. Onun fikrincə bu pələnglərə “Aral-Xəzər” (Turan) zonasında, İranın şimalı və Qırğız çöllərində rast gəlinir və zooparkdakı fərdlər Xəzərin cənub sahilindən Tiflisə, ordan da Berlinə gətirilmişdir.

Paulun həyat yoldaşı Annanın çəkdiyi Turan pələngi cütünün təsviri (Die Gartenlaube, 1897)
Boynunda və qarnındakı uzun qıllarla yanaşı qısa burnuna görə seçilən erkək Turan pələngi (Berlin zooparkı, 1899)
Berlin Zooparkındakı Turan pələngi cütü (~1900-cu il).

Rus zooloq Konstantin Satunin (1863-1915) də öz əsərində Tiflis Muzeyində sərgilənən “Lənkəran pələnglərini” detallı təsvir edir: O, qeyd edir ki, bu pələnglərin rəngi “paslı sarı” olub, kürkü belində qısa, qarnında isə uzundur. Üzündə uzunluğu 6 sm-ə çatan “bakları” var, qulağının içində isə uzun ağ tüklər gözə çarpır. Çiynindən başlayaraq solğun rəngdə və nazik zolaqlar bədənin yan hissəsi boyunca uzanır. Zolaqlardan ən tündü (qara) heyvanın belinin üstündə olub, arxa ətrafa doğru zolaqlar yalnız qəhvəyi rəngdədir və sıx düzülüb. Ön ətrafların xarici hissənidə zolaq yoxdur. Quyruğunda 10 halqa var ki, bunlardan ilk üçü bədənə tərəf yönəldilmiş bucaq formasına malik olub quyruq altında birləşmir. Quyruq sonuna doğru iki tərəfdən haşiyələnmiş və içi sarımtıl-boz rəngdə olan halqalar kiçilir və quyruq ucunda qara rəngə çevrilir. Sonda isə Satunin qeyd edir ki, yayda kürk rəngi daha parlaq (qırmızımtıl sarı) olur, qışda isə əksinə solğun və uzun tüklü olub, üzərindəki qəhvəyi zolaqlar çətin seçilir.

Maraqlıdır ki, pələnglər üzərində elmi araşdırmalar aparan R.İ. Pokok (Pocock) 1929-cu ildə öz əsərində qeyd edir ki, Turan pələnglərində kürk və zolaq rəngi olduqca dəyişkəndir. Onun baxdığı 4 Xəzər pələngi dərisindən 2-si qara zolaqlara (Benqal pələngində olduğu kimi), Əfqanıstandan olan bir fərd aşağıya doğru solğun qəhvəyiyə çevrilən zolaqlara (London Təbiət Tarix Muzeyindəki müqəvvadakı kimi), Elbrus dağının ətəyində vurulmuş bir fərd isə tamamilə solğun (kürən) zolaqlara malikdir – ehtimal ki, qışda vurulmuş fərd olub. Zolaqları dərinin digər hissəsindən demək olar ki, seçilməyən bu fərd Pokokun əsərində aşağıdakı kimi təsvir olunmuşdur (Təsadüfi deyil ki, İranda yaşayan Azərbaycanlılar pələngi həm də “qızıl şir” adlandırırdılar):

Elbrusda vurulmuş açıq xəzli Turan pələngi.

Rus zooloq Oqnevə görə Orta Asiyadakı pələnglər “Persiya pələnglərindən” (qərbdəki fərdlər) daha qalın və tünd zolaqlara və daha tünd yay kürkünə sahib olsalar belə eyni yarımnöv idilər. Rəng müxtəlifliyini da ehtimal ki, digər pələng populyasiyalarına yaxınlıq (Amur pələngləri) ilə açıqlaya bilərik, yəni onlar arasında gen axışı daha yenidir. Ümumiyyətlə məməlilər də daxil olmaqla istiqanlı canlılarda nəmli bölgələrdə yaşayan fərdlərin soyuq iqlimdə yaşayan həmnövlərinə nisbətdə daha tünd rəngə malik olması bilinir və bu xüsusisiyyəti təsvir edən zooloqun adıyla Qloqer qaydası adlanır. Turan pələngləri yaz kürkünə martda, qış kürkünə isə sentyabrda keçirmişlər.

Sonda qeyd etmək lazımdır ki, Turan pələnglərində zolaqlar və ümumiyyətlə kürk rəngi olduqca dəyişkən olub. Məsələn, Berlin Zooparkında olan Turan pələngi fotolarına baxdıqda fərdlərin zolaqları arasında fərqlər gözə çarpır. Alman zooloq Ernst Şvartz 1916-cı ildə Mərkəzi Asiyadan Lobnor gölü və Ili çayı ətrafında əldə edilmiş pələnglər əsasında uyğun olaraq iki yeni yarımnöv – “F.t.lecoqi”  və “F.t.trabata” təsvir etmişdi. Onun yazısında qeyd olunur ki, fərdlərdən biri 1898-ci ildə Berlin zooparkına 2 yaşlı fərd kimi Kazalinsk şəhərindən (İli çayının yaxınlığı) gətirilmiş və 1910-cu ilə qədər zooparkda yaşamışdır. Bu erkək fərdin qalın zolaqlarına görə (3 sm enə çatan) seçildiyi vurğulanır. Ehtimal ki, Şvartz aşağıdakı fotolardakı fərdi təsvir edirdi. Lakin, 281 sm uzunluğu olan bu fərdin də uzun boyun və qarın qıllarına (16 sm) sahib olması, tipik quyruq halqaları vurğulanır. Həmçinin kəllə sümüyünün də Satunin təsvir etdiyi Lənkəran pələnglərinə bənzədiyi qeyd olunur.

Berlin Zooparkındakı “qalın zolaqlı” Turan pələnginin fotosu (1907-ci il).
Turan pələngi (eyni fərd), Berin Zooparkı (1899-cu il)

Ölçücə də Xəzər pələngi dünyanın ən iri pişiyi hesab olunan Amur pələnglərindən çox geri qalmırdı. Belə ki, iri erkəklər 270-295 sm uzunluğa, 240 kiloqrama qədər çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə (Cəlilabad rayonu) ovlanan bir erkək fərdin kürkü quyruğu ilə birgə 350-360 sm (5 arşın) ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi “ən az yerli at boyda” deyə təsvir edir. Onun dərisi Moskva və ya Sankt-peterburqa aparmaq üçün 65 rubla rus sərhədçisinə satılır. Satuninin qeydlərinə görə o, Göytəpədə 1897-ci ildə anası öldürülmüş başqa bir pələng balası da görür. Hansı ki, bu bala da Sankt-peterburq Zooparkına satılmış, lakin orda quduz xəstəliyindən ölmüşdü. Satunin 1904-cü ildə yazdığı məqalədə ölkəmizdəki pələngləri Benqal pələnglərindən fərqləndirərək onu lat. Panthera tigris septentrionalis (yəni “şimal pələngi“) kimi təsnif edir, çünki, o, 1897-ci ildə Paul Maçinin Berlin Zooparkındakı fərdlər üçün qəbul etdiyi lat. Felis virgata (zolaqlı “pişik”) epitetindən xəbərsiz idi. Bu epiteti isə ilk dəfə alman entomoloq Karl Wilhelm Illiger 1815-ci ildə Asiyanın məməlilərindən bəhs edərkən şimalda (Xəzər sahilində və Persiyada) rast gəlinən “balaca boz pələnglər” üçün işlətmişdi. Paul Maçi, İlligerin təsvirinin səhv olduğunu vurğulasa da (Xəzər pələngləri İlligerin qeyd etdiyi kimi balaca və boz deyil) virgata epitetini qəbul edir.

Xəzər pələngi olduqca geniş ərazidə (Anadoludan Çinin qərbinə qədər) yayılmışdı. Ən sevdiyi yerlər çay sahilində olan tuqay meşələri, sıx qamışlıqlar idi. Hansı ki, bu ərazilər ona əsas qidası olan qabanları ovlamaq üçün kamuflaj bacarığı verirdi. Lakin, Turan pələngi müxtəlif marallar, cüyür, ceyran kimi digər məməliləri, quşları, hətta ac qaldıqda sürünən və həşəratları belə ovlayan, yabanı zeytun, çaytikanı da yeyən bir yırtıcı idi! Ovunun arxasınca uzun məsafələr qət etdiyi bilinirdi. Ədəbiyyatlara görə yanvarın ortası cütləşən Turan pələnglərində hamiləlik 98-110 gün çəkir və Apreldə 2-6 bala dünyaya gətirirmişlər.

SSRİ Qırmızı Kitabına (1984) görə Turan pələnginin yayılma arealı

3. ZOOPARKLAR VƏ DİGƏR KOOLEKSİYALARDA SAXLANILAN TURAN PƏLƏNGLƏRİ :

Turan pələngi uzun müddətdir ki, insanların təqibinə məruz qalmışdır. Beləki, hələ Roma dövründə gladiyator döyüşlərində istifadə olunmaq üçün başda Anadolu olmaqla bir çox yerdə Xəzər pələngləri tutulmuş, ovlanmışdır. Rus səyyah Fedot Kotov 1620-ci illərdə Persiyaya səfərləri zamanı tutduğu gündəlikdə Qəzvində şahın kolleksiyasınnda pələng olduğunu qeyd edir. O, bu pişiyi “gil rəngli kürkündə uzun zolaqları olan şirə bənzər heyvan” kimi təsvir edir.

Pələng balasının oğurlanmasını göstərən Bizans mozaiki
19-cu əsr Avstriyalı rəssam Ernst Rudolf-un “Pələng ovundan qayıdış” əsəri

Bənzər şəkildə bu nəhəng pişikkimi ev heyvanlarına və bəzən insanlara hücum etdiyindən uzun müddət zərərverici hesab edilmişdir. Hətta 1929-ci ilədək bəzi Sovet Respublikaları ərazisində öldürülən hər pələng üçün mükafatlar (100 rubladək) təklif olunurdu!

Xivə bəyinin (Özbəkistan) bala vaxtından saxladığı bir Turan pələngi və baxıcısı (1904-cü il)

Ötən əsrdə bəzi Xəzər pələngləri dünya zooparklarına verilmək üçün də tutulurdu. Bunlar arasında 1955-ci ildə tutularaq Hamburq Zooparkına verilmiş dişi pələng Soraya (Sürəyya) da var. O, 1960-cı ilə qədər yaşamış, onun fotoları bilinən azsaylı rəngli Xəzər pələngi fotolarındandır!

Hamburq Zooparkında olan Soraya (1955-1960)

Həmçinin onun videosu Turan pələnginin qeydə alınmış yeganə video-kadrı ola bilər:

Bir digər dişi pələng isə 1925-ci ildə İrandakı Sovet səfirinin Moskva Zooparkına hədiyə etdiyi fərddir. Tereza adlı bu gənc dişi isə 1942-cü ilə qədər zooparkda yaşamışdır. Zooparkın arxiv məlumatlarına görə o, 246 sm uzunluğa (86 sm quyruqla) və 85 kq çəkiyə malik olmuşdur. Onun baxıcısının xatirələrinə görə İkinci Dünya Müharibəsində (1941-cı il) o pələngdən ayrı düşsə də, iki il sonra Tereza onu tanımışdır. Hətta bir dəfə Terezanın boynunda zəncirlə gəzmək üçün qəfəsindən çıxarıldığı qeyd olunur. O, az qala zooparkdakı uşaqlardan birinə hücum edəcəkmiş, buna görə daha sonra onu qəfəsdən çıxarmayıblar.

Üzərində Terezanın fotosu olan Moskva Zooparkının açıqcası
Sakit davranışı və üzündəki naxışlara görə seçilən Terezanın başqa fotosu, Moskva Zooparkı.

Başqa zooparklarda da Turan pələngləri mövcud olsa da onlar barədə məlumat olduqca azdır. Dünya zooparklarında olan sonuncu Turan pələngləri isə 1979-cu ildə İrandakı inqilab zamanı tələf olduğu qeyd olunur. Müxtəlif ədəbiyyatlara görə aşağıdakı zooparkların kolleksiyasında vaxtilə Turan pələngləri mövcud olmuşdur:

  1. London Zooparkı (19-cu əsrin sonlarında Özbəkistan gətirilmiş fərd)
  2. Berlin Zooparkı (1897-1910-cu illər arasında ən azı 3 fərd)
  3. Hamburq Zooparkı (2 fərd: 1880 və 1955-1960: Soraya)
  4. Antverpen Zooparkı (ilk fərd 1904-cü ildə gətirilib)
  5. Moskva Zooparkı (1925-1942: Tereza)
  6. Çikaqo Zooparkı (ilk fərd 1920-30-cu illər, zooparkda dünyaya gələn fərd: 1935-1948)
  7. Rotterdam Zooparkı (əlavə məlumat yoxdur)
  8. İran zooparkları (əlavə məlumat yoxdur)
Çikaqo Zooparkında Xəzər pələngləri (“qərbi pələnglər”)
Atverpen Zooparkında (Belçika) olan Turan pələngi, 1904-cu il.

Bu nəhəng pişikkimini qoruya bilməsək də, ölkəmizdə hələ də digər iri pişikkimi növü olan nadir Qafqaz bəbirləri (lat. Panthera pardus tulliana) yaşamaqdadır. Bu pişikləri qorumaq isə hamımızın borcudur.

4. TURAN PƏLƏNGLƏRİ İNCƏSƏNƏTDƏ:

Ecazkar Turan pələngləri yayıldıqları ərazidə öz izlərini bədii ədəbiyyat nümunələrində də qoymuşlardır. Məsələn, aşağıdakı təsvir Moğol imperatoru Cəlaləddin Məhəmməd Əkbər üçün hazırlanmış Nizaminin “Leyli və Məcnun” əsərindən olub, 16-cı əsrin sonlarına aiddir. Təsvirdə Məcnunun Xəzər pələngini sığalladığını görə bilərsiniz, həmçinin şirlər, antiloplar, marallar və s. də diqqət cəzb edir.

Turan pələngini tumarlayan Məcnun (1595/6)
Turan pələnginin tipik xüsusiyyətlərini göstərən başqa bir moğol təsviri (19-cu əsr)
Osmanlı İmperiyasında belində Xəzər pələngi kürkü ilə təsvir edilmiş döyüşçü = “bayraktar” (Rålamb Costume Book, 1658-ci il).

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

ƏSAS ƏDƏBİYYAT SİYAHISI:

  1. D’Cruze, Neil. (2023). Cognitive biases can play a role in extinction assessments: The case of the Caspian tiger [Koqnitiv qərəzlər nəsli kəsilmə qiymətləndirilməsində rol oynaya bilər: Xəzər pələngi misalı]. Frontiers in Ecology and Evolution. 10. 10.3389/fevo.2022.1050191.
  2. Динник, Н. Я. (1914). Звери Кавказа Ч. 1-2 Китообразные, копытные и хищные [Qafqazın heyvanları 1-2 cild. Balinalar, dırnaqlılar və yırtıcılar]. Тифлис: тип. К. П. Козловского.
  3. Heptner, V. G. & Sludskij, A. A. (1972). Mammals of the Soviet Union [Sovet İttifaqının məməliləri]. Volume II, Part 2. Carnivora (Hyaenas and Cats). Washington DC: Smithsonian Institution and the National Science Foundation
  4. Illiger, J.K.W. (1815). Ueberblick der Säugthiere nach ihrer Vertheilung über die Weltlheile [Məməlilərin dünya üzrə yayılmasına görə tədqiqi]. Abhandlungen der physikalischen Klasse der Königlich-Preussischen Akademie der Wissenschaften [Kral Prussiya Elmlər Akademiyasının fizika sinfinin məqalələri]: s. 98.
  5. Mastchie, P. (1897). Eine interessante geographische Abart des Tigers [Pələngin maraqlı coğrafi növləri], Sitzungsberichte der Gesellschaft Naturforschender Freunde zu Berlin [Təbiət Elmləri Dostları Cəmiyyətinin Berlində keçirilən iclaslarının hesabatları]: s. 13-17
  6. Menetries E. (1832). Catalog raisonne des objets de zoologie requellis dans un voyage au Caucase et jusqu’aux aux frontieres actuelle de la Perse [Qafqaza və İranın indiki sərhədlərinə səyahət zamanı tapılan zooloji obyektlərin kataloqu]. St.-Petersburg, 272 pp
  7. Novikov, A. G. (1956). Khishchnye mlekopitayushchie fauny SSSR [SSRİ-nın Yırtıcı Məməliləri].
  8. Oqnev, S. İ. (1935). “Carnivora (fissipedia)”. Mammals of the U.S.S.R and adjacent countries. vol. 2. [Yırtıcılar (Fissipedia). Sovet İttifaqı və qonşu ölkələrin məməliləri. II cild.]
  9. Pocock, R. I. (1929). “Tigers” [Pələnglər]. Journal of the Bombay Natural History Society [Bombay Təbiət Tarix Cəmiyyətinin Jurnalı]. 33 (3): p. 505–541.
  10. Radde, G. I. (1899). Die Sammlungen des kaukasischen Museums TB.1 Zoologie [Qafqaz Muzeyinin koleksiyaları, I cild – Zoologiya]
  11. Satunin, K.A. (1906). Mlekopitayushchie Talysh i Mugani [Talış və Muğanın məməliləri] — Izv. Kavk. Muz., 2(2-4): s. 87-262.
  12. Severtsov N. A. (1855). Tiger [Pələng], Bulletin of Natural Sciences [Təbiət Elmləri Bülleteni]
  13. Sokolov, V. E. (1986). Редкие и исчезающие животные. Млекопитающие [Nadir və nəsli təhlükədə olan heyvanlar. Məməlilər] səh. 348.
  14. Schwarz, E. (1916). “Zwei neue Lokalformen des Tigers aus Centralasien” [Mərkəzi Asiyadan iki yeni pələng yarımnövü]. Zoologischer Anzeiger. 47 (12): 351–354.
  15. Vereşaqin, N.K. 1942. Каталог зверей Азербайджана [Azərbaycanın çöl heyvanları kataloqu]

8 Comments

  1. Bu mövzu mənim ən yaralı yerimdir. Amma Xəzər pələnglərinin populyasiyasını yenidən təşkil etmək mümkündür. Belə bir ideyanın olduğunu da haradasa oxumuşdum, təqribən 5-6 il əvvəl. Məqaləyə görə təşəkkür edirəm.

    Bəyən

Bir şərh yazın